Şəbəkə Sənəti

Şəbəkə sözü tor və ya barmaqlıq mənasını daşıyır və ayrı-ayrı taxta parçalarından, yapışqan və mismar istifadə olunmadan quraşdırılır. Usta əvvəlvə bərk ağac (sümşad, qoz, fıstıq, palıd) növlərindən müxtəlif formalı standart hissəciklər hazırlayır, sonra isə hazır rəsm üzrə üzrə pəncərə və ya qapının, divar dolabı və ya görüş köşkünün səthini təşkil edən naxışları yığır. “Cəfəri”, “səkkiz”, “onaltı”, “gülabi”, “şəmsi”, “göllü”, və “bəndi-rumi” şəbəkənin ənənəvi kompozisiyalarındandır. Şəbəkə sənəti bənzərsizdir və onun canlı ənənələri yalnız Azərbaycanda qorunub saxlanılır. Çox vaxt, şəbəkəni Avropa vitrajları ilə müqayisə edir, bəzən isə onların arasında hətta eynilik işarəsi qoyurlar. Həqiqətən də şəbəkə ilə vitrajın arasında ümumi cəhətlər var. Bu sənət növlərinin əsas materialı rəngli şüşədir. Ona görə, başlıca bədii ifadə vasitəsi də eynidir; bu, işıq şüasının rəngli şüşədən keçməsi nəticəsində yaranır. Lakin şəbəkə ilə vitrajın təsviri tamamilə ayrıdır. Şəbəkənin təsviri dili xalçanın həndəsi ornametlərinə yaxındır. Xonça gül və medalyon – xalça kompozisisiyalarının əsas elementləridir. Müxtəlif yaxud, eyni göllərin kombinasiyası xalçanın mərkəzi sahəsini təşkil edir. Belə hesab olunur ki, zamanın təsiri ilə göllər öz formal strukturunu saxlayaraq şəbəkə sənətinə keçib. Amma forma təşkilinin məntiqi bunun əksini deyir. Məhz şəbəkə naxışlarında göllər fiqurla fonun bərabər olduğu komplimentar kompozisiyalar yaradır: bununla türk vizual dili əlamətləri bütün saflığı və tamlığı ilə öz təcəssümünü tapır. Xalçanın təsiviri dili isə türk mədəniyyətinə yad təsirlərin nəticəsində zaman keçdikcə transformasiyaya uğramış və sadələşmişdir. Şəbəkənin dili əksinə, öz ilkin saflığı və bütövlüyünü qoruyub saxlamışdır. Şəbəkə ənənəsi ona görə bənzərsizdir ki, həm binanın interyerində, həm də eksteryerində dizayn işini eyni dərəcədə uğurla həll etməyə imkan verir. Şəbəkə ənənəsi saxtakarlığı sevmir: formaların həndəsi olması onun bədii obrazının strukturuna hər hansı təsadüfi, müvvəqqəti elementin müdaxiləsini istisna edir. Şəbəkənin naxışları həyatın öz mozaikasına bənzəyir – onun kimi çoxobrazlı, rəngarəng və sirlidir.

Bir cavab yazın

E-mailininiz gizli saxlanılacaq Gərəkli sahələr * ilə işarələnmişdir